Son dəqiqə

İran Körfəz ölkələri Hörmüz boğazı enerji bazarı dəniz nəqliyyatı Neft İxracı

Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Körfəz ölkələri Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki vəziyyətə qayıtmasının çətin olduğunu qəbul etməli və İranla yeni razılaşma yolları axtarmalıdır. Bu fikri Həməd bin Xəlifə Universitetinin dövlət siyasəti üzrə professoru Sultan Bərəkət səsləndirib.

TurkicWorld xəbər verir ki, Sultan Bərəkət açıqlamasında İranın baş verən hadisələrdən sonra ABŞ və İsraillə əlaqəli hərbi qüvvələrin Hörmüz boğazından əvvəlki kimi sərbəst keçməsinə razılıq verməyəcəyini düşündüyünü bildirib.

Ekspertin fikrincə, Hörmüz boğazında və regionun digər mühüm dəniz yollarında yaranmış vəziyyət Körfəz ərəb ölkələri üçün ciddi iqtisadi risklər yaradır. Onun sözlərinə görə, beynəlxalq bazarlar mövcud məhdudiyyətlərə uyğunlaşmağa və alternativ təchizat yolları tapmağa başlayıb.

Bərəkət hesab edir ki, Körfəz ölkələri İranla müəyyən güzəştləri nəzərdə tutan yeni razılaşmaya getməli ola bilər. O bildirib ki, mövcud vəziyyətin ən böyük iqtisadi yükü məhz bu ölkələrin üzərinə düşür.

Ekspertin sözlərinə görə, Körfəz ölkələrinin ixracının təxminən 90 faizi hazırda əvvəlki qaydada dünya bazarlarına çıxarıla bilmir. Bununla yanaşı, beynəlxalq bazar onların ixrac imkanlarının tam bərpasını gözləmədən alternativ mənbələr və marşrutlar tapmağa çalışır.

Bərəkət qeyd edib ki, qiymətlərin yüksəlməsinə baxmayaraq, indiyədək beynəlxalq bazarlarda kritik səviyyədə təchizat böhranı yaranmayıb.

Mövzuya görə xəbərlər