Son dəqiqə

İsrail İran Tehran Donald Tramp Təbriz Yaxın Şərq Regional gərginlik hava hücumları qarşılıqlı hücumlar

Son hücumlar bölgədə yeni müharibənin başlanğıcı ola bilər?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran və İsrail arasında aprel ayında əldə olunmuş atəşkəsdən sonra ən ciddi hərbi gərginlik yaşanıb. Tərəflərin qarşılıqlı hücumları bölgədə vəziyyətin yenidən pisləşməsi ilə bağlı narahatlıqları artırıb.

TurkicWorld xəbər verir ki, İsrail İranın müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar həyata keçirib. Məlumatlara görə, Tehran, Təbriz, Kərəc və İsfahan şəhərlərində partlayışlar qeydə alınıb.

Hücumların İranın İsrailin şimal bölgələrinə raket zərbələri endirməsindən bir neçə saat sonra baş verdiyi bildirilir.

Tehran İsraili atəşkəs razılaşmasını dəfələrlə pozmaqda ittiham edir. İran tərəfi bu iddiaları İsrailin Livanda davam etdirdiyi hərbi əməliyyatlarla əlaqələndirir.

İsrail isə Livandakı əməliyyatların İranın əsas müttəfiqlərindən hesab edilən Hizbullah hərəkatına qarşı yönəldiyini bildirir.

ABŞ Prezidenti Donald Tramp son hadisələr fonunda hər iki tərəfi hücumları dayandırmağa çağırıb. O, bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq dərhal atəşkəsə çağırış edib.

Siyasi müşahidəçilər hesab edirlər ki, İran məsələsində Vaşinqton və Təl-Əviv arasında yanaşma fərqləri hiss olunmağa başlayıb. Onların fikrincə, ABŞ diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir, İsrail isə İranın regional fəaliyyətlərinə qarşı daha sərt mövqe nümayiş etdirir.

Son hadisələr apreldə əldə olunmuş atəşkəsin gələcəyi ilə bağlı sualları artırıb. Hələlik tərəflərdən heç biri razılaşmanın tamamilə qüvvədən düşdüyünü elan etməsə də, qarşılıqlı hücumlar atəşkəsin ciddi sınaq qarşısında qaldığını göstərir.

Mövzuya görə xəbərlər