Son dəqiqə

İran Livan Yaxın Şərq Hizbullah təhlükəsizlik Nəvaf Salam Cozef Aun regional siyasət

Livanlı siyasətçi İranın ölkədəki təsirinə son qoyulmasını tələb edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanlı xristian siyasətçi Səmir Cəca İranın Livandakı fəaliyyətini tənqid edərək ölkənin daxili işlərinə müdaxilənin dayandırılmasını tələb edib.

TurkicWorld xəbər verir ki, Livan Qüvvələri Partiyasının rəhbəri Səmir Cəca Prezident Cozef Aunun İranın Livandan ABŞ ilə apardığı danışıqlarda təzyiq vasitəsi kimi istifadə edilməsini rədd etməsini mühüm addım kimi qiymətləndirib.

Siyasətçi sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Prezident Cozef Aunun mövqeyi Baş nazir Nəvvaf Salamın yanaşması ilə üst-üstə düşür. Onun sözlərinə görə, hər iki lider Livanın dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam şəkildə bərqərar olunmasını müdafiə edir və xarici müdaxilələrə qarşı çıxır.

Səmir Cəca qeyd edib ki, Livan və İran xalqları arasında heç vaxt problem olmayıb. O bildirib ki, əsas narahatlıq İran hakimiyyətinin uzun illər ərzində Livanı öz regional siyasətinin bir hissəsi kimi görməsi və ölkə daxilində silahlı təsir mexanizmləri formalaşdırması ilə bağlıdır.

Siyasətçi İranı Livanın daxili işlərinə müdaxiləni dayandırmağa çağırıb. O, eyni zamanda Hizbullahın silahlarını təhvil verməsinin və hərbi strukturunu ləğv etməsinin vacib olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər