BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin sədri və ölkənin əsas siyasi fiqurlarından biri olan Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılan danışıqlarla bağlı diqqətçəkən açıqlama verib. O, Tehranın beynəlxalq münasibətlərdə yalnız əməli addımlara inandığını bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Baqir Qalibaf X sosial şəbəkəsində paylaşdığı açıqlamada İranın zəmanətlərə və siyasi vədlərə etibar etmədiyini vurğulayıb.
“Biz zəmanətlərə və sözlərə etibar etmirik — bizim üçün yalnız əməli addımlar ölçüdür. Qarşı tərəf addım atmadan heç bir addım atılmayacaq”, – deyə o qeyd edib.
Qalibaf həmçinin bildirib ki, İranın əldə etdiyi güzəştlər danışıqlar yolu ilə deyil, ölkənin hərbi və raket potensialı sayəsində mümkün olub. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə nəticəni müəyyən edən əsas amillərdən biri güc balansıdır.
İran parlamentinin sədri əlavə edib ki, hər hansı razılaşmanın əsl qalibi növbəti gün üçün mümkün qarşıdurmaya daha hazırlıqlı olan tərəf hesab edilə bilər.
Qalibafın açıqlamaları İran ilə ABŞ arasında davam edən danışıqlar və mümkün atəşkəs memorandumunun müzakirə olunduğu bir dövrə təsadüf edir. Bu bəyanat Tehranın Vaşinqtona qarşı etimadsız mövqeyinin davam etdiyini göstərən növbəti siyasi mesaj kimi qiymətləndirilir.







