BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Maliyyə Nazirliyi Hörmüz boğazında mümkün “ödənişli keçid” və ya rüsum sisteminin yaradılmasına qarşı sərt mövqe nümayiş etdirib.
TurkicWorld xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun Hörmüz boğazında hər hansı “rüsum sistemi”nin tətbiqinə dözməyəcəyini açıqlayıb.
Bessent bildirib ki, ABŞ bu prosesdə birbaşa və ya dolayı şəkildə iştirak edən bütün tərəflərə qarşı “aqressiv sanksiyalar” tətbiq etməyə hazırdır.
Nazir xüsusilə Oman məsələsinə diqqət çəkərək qeyd edib ki, Vaşinqton boğaz üzərində nəzarət və ya keçid haqları ilə bağlı hər hansı koordinasiyanı ciddi təhlükə kimi qiymətləndirir.
Skott Bessent bütün ölkələri İranın Hörmüz boğazı üzərindən beynəlxalq ticarət axınını pozmaq cəhdlərini rədd etməyə çağırıb.
O xatırladıb ki, ABŞ daha əvvəl şirkətlərə və dövlət qurumlarına belə rüsumların ödənilməməsi barədə rəsmi xəbərdarlıq etmişdi.
Açıqlamalar ABŞ Prezidenti Donald Trampın Omanla bağlı sərt bəyanatından sonra səsləndirilib. Tramp Omanın İranla əməkdaşlıq edərək boğaz üzərində nəzarət yaratmağa çalışacağı təqdirdə “sərt cavab” veriləcəyini bildirmişdi.
Analitiklər qeyd edirlər ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri olduğu üçün burada yaranacaq hər hansı məhdudiyyət və ya rüsum sistemi qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
Ekspertlərin fikrincə, Vaşinqtonun son açıqlamaları İranın bölgədə təsir imkanlarını məhdudlaşdırmaq və beynəlxalq enerji marşrutları üzərində nəzarətin dəyişməsinin qarşısını almaq məqsədi daşıyır.
Son həftələr ABŞ və İran arasında artan gərginlik, hərbi qarşıdurma riski və qarşılıqlı sanksiyalar Yaxın Şərqdə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.







