BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ və İran arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənlik davam edir. Mövcud vəziyyət tərəflərin diplomatik həll yoluna yaxınlaşdığı, yoxsa yenidən hərbi qarşıdurma mərhələsinə keçəcəyi ilə bağlı müxtəlif qiymətləndirmələrə səbəb olur.
TurkicWorld xəbər verir ki, siyasi müşahidəçilər prosesin gələcək inkişafını qiymətləndirərkən yalnız İslamabadda keçirilmiş dolayı təmaslara deyil, daha intensiv birbaşa danışıqların başlayıb-başlamayacağına diqqət yetirilməsinin vacib olduğunu bildirirlər. Qiymətləndirmələrə görə, mövcud dolayı təmaslar müəyyən əhəmiyyət daşısa da, tərəflər arasında real siyasi irəliləyişin göstəricisi birbaşa və genişmiqyaslı diplomatik əlaqələrin formalaşması olacaq.
Müşahidələr göstərir ki, Tehran üçün prosesin mühüm tərəflərindən biri siyasi və strateji imic məsələsidir. İran tərəfi özünü təslim olmuş tərəf kimi göstərən görüntünün yaranmasına qarşı həssas mövqe sərgiləyir. Bu yanaşma İranın təhlükəsizlik və çəkindirmə siyasətində də əsas elementlərdən biri kimi qiymətləndirilir.
Hazırkı mərhələdə Vaşinqton və Tehran arasında münasibətlərin diplomatik razılaşmaya doğru inkişaf edib-etməyəcəyi və ya yeni gərginlik mərhələsinə keçəcəyi ilə bağlı yekun nəticə çıxarmaq hələ mümkün görünmür.







