Son dəqiqə

Şahbaz Şərif Asim Munir regional diplomatiya Möhsin Nəqvi Pakistan diplomatiyası İran ABŞ danışıqları Tehran görüşləri Çin İran əlaqələri Vasitəçilik siyasəti Geosiyasi proseslər

Pakistan İran danışıqlarında vasitəçi rolunu gücləndirir

BAKI,TurkicWorld Yusif Şərifzadə

ABŞ ilə İran arasında aparılan təmaslar ətrafında diplomatik fəallıq artmaqdadır. Pakistanın prosesdə fəal vasitəçi rolu oynadığı barədə yeni məlumatlar ortaya çıxıb.

TurkicWorld xəbər verir ki, Tehrandakı rəsmilər Vaşinqton və Tehran arasında müəyyən irəliləyişin əldə olunduğunu bildirsələr də, tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını vurğulayırlar. Məlumata görə, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində Pakistan son günlər intensiv diplomatik təmaslar həyata keçirir.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi artıq üçüncü gündür Tehranda səfərdədir. O, İran Prezidenti və ölkənin xarici siyasət rəhbərliyi də daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşlər keçirib. Müzakirələrin əsas istiqamətlərindən birinin ABŞ və İran arasında mümkün anlaşma mexanizmləri olduğu bildirilir.

Məlumatlara əsasən, tərəflər ən azı əsas prinsipləri özündə əks etdirən ilkin çərçivə sənədinin hazırlanmasına çalışırlar. Bu sənədin sonrakı mərhələdə İslamabad vasitəsilə ABŞ tərəfinə təqdim edilə biləcəyi qeyd olunur.

Tehrandakı siyasi dairələrdə Pakistan feldmarşalı Asim Munirin mümkün İran səfəri də diqqətlə izlənilir. Qiymətləndirmələrə görə, əgər bu səfər baş tutarsa, bu, danışıqlar prosesində əhəmiyyətli irəliləyişin ən mühüm siyasi siqnallarından biri kimi qiymətləndirilə bilər.

Eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şərifin yaxın günlərdə Çinə səfəri nəzərdə tutulur. Tehrandakı siyasi müşahidəçilər hesab edirlər ki, səfər çərçivəsində İranın müəyyən mesajlarının Pekinə çatdırılması da gündəmdə ola bilər.

Bütün bunlar Pakistanın hazırda ABŞ, İran, Çin və region ölkələri arasında mürəkkəb diplomatik balans siyasəti həyata keçirdiyini göstərir. İslamabadın oynadığı vasitəçi rolunun regional geosiyasi proseslərə təsiri isə yaxın dövrdə daha aydın görünə bilər.

Mövzuya görə xəbərlər