BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin sədri və Tehranın baş danışıqçısı Məhəmməd Bağır Qalibaf Pakistan Silahlı Qüvvələrinin rəhbəri, feldmarşal Asim Munirlə Tehranda görüşərək ABŞ ilə İran arasında danışıqların gələcəyini müzakirə edib. Qalibaf Vaşinqtonu iyunda əldə edilmiş anlaşma memorandumundan irəli gələn öhdəlikləri pozmaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, İranın “Mehr” xəbər agentliyinin məlumatına görə, Qalibaf Asim Munirlə görüşündə Qətər və Pakistanın vasitəçiliyi ilə iyunda ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun icrası məsələsini gündəmə gətirib.
Qalibaf bildirib ki, Vaşinqton memorandum çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. İran rəsmisinin sözlərinə görə, ABŞ-nin öhdəlikləri pozması regionda sabitliyin bərqərar olmasına mane olub.
“ABŞ öhdəliklərini pozmaqla regionda sabitliyin yaranmasına mane oldu və etimadsızlıq üçün daha bir səbəb yaratdı”, – Qalibafın sözlərini “Mehr” agentliyi yayıb.
Görüşdə ABŞ–İran danışıqlarının yenidən başlanması imkanları və regiondakı gərginliyin azaldılması yolları da müzakirə olunub.
Asim Munir regionda sabitliyin bərpasına yönəlmiş səylərini davam etdirəcəyini bildirib. Pakistan son dövrdə Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin bərpasına çalışan əsas vasitəçilərdən biri kimi çıxış edir.
“Əl-Cəzirə”nin Vaşinqtondakı məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə Asim Munirlə telefon danışığı aparıb.
Mənbənin iddiasına əsasən, Tramp feldmarşaldan İranla danışıqların yenidən başlanması üçün malik olduğu təsir imkanlarından istifadə etməsini istəyib. ABŞ tərəfindən bu məlumatın rəsmi təsdiqi barədə ilkin xəbərdə məlumat verilməyib.
Son diplomatik təmaslar Pakistanın ABŞ və İran arasında mümkün yeni danışıqlar prosesində vasitəçilik rolunun güclənə biləcəyini göstərir. Bununla belə, Tehran Vaşinqtonla yeni diplomatik proses üçün əvvəlki öhdəliklərə əməl olunmasını əsas məsələlərdən biri kimi irəli sürür.







