BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp son günlərdə dəfələrlə bildirib ki, İran tərəflər arasında müzakirə olunan müxtəlif təkliflərlə bağlı qərar verməlidir. Əks halda, Trampın sözlərinə görə, İran faktiki olaraq “yer üzündən silinə” bilər.
TurkicWorld xəbər verir ki, bu açıqlamalar ABŞ-ın İranla danışıqlar prosesində artan narazılığı əks etdirir.
Məlumatlara görə, Donald Tramp çərşənbə axşamı Ağ Evin Situasiya Otağında iclas keçirərək mümkün variantları müzakirə edəcək. ABŞ ordusu ona qısa müddətli, lakin intensiv hərbi əməliyyat ssenarilərini təqdim edib.
Tramp administrasiyası hesab edir ki, İran vaxt qazanmağa çalışır, prosesi uzadır və danışıqları ləngidir. Eyni zamanda, Vaşinqtonu narahat edən məsələlərdən biri də İranın Trampın iddia etdiyi qədər zəifləməməsi ilə bağlı qiymətləndirmələrdir.
Həmçinin qeyd olunur ki, ABŞ-ın hava üstünlüyü olsa da, İranın ciddi raket və pilotsuz uçuş aparatı imkanlarına malik olduğu və bunların ABŞ-a əhəmiyyətli zərər verə biləcəyi vurğulanır.
Donald Tramp tərəflər arasında razılaşmanın daha tez əldə olunmasını istəyir, lakin hazırkı mərhələdə niyə nəticəyə gəlməyin mümkün olmadığını sual edir.







