Son dəqiqə

İsrail ABŞ İsmayıl Bəqai İran Xin Hörmüz boğazı

ABŞ atəşkəsi pozub, danışıqlara qayıdış barədə qərar verilməyib - İran XİN

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib və Vaşinqtonla yeni danışıqlara qayıdışla bağlı hələ qərar verilmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, Tehran tərəfi mövcud vəziyyətdə ABŞ ilə diplomatik prosesin gələcəyinin qeyri-müəyyən olduğunu açıqlayıb.

Bəqai qeyd edib ki, ABŞ atəşkəs rejiminin tətbiqindən dərhal sonra onu pozub və bu barədə vasitəçi rolunu oynayan Pakistan tərəfinə məlumat verilib. Onun sözlərinə görə, Vaşinqtonun atəşkəs rejimini pozması regionda gərginliyi daha da artırıb.

İran XİN sözçüsü bildirib ki, hazırda ABŞ-la danışıqların yeni mərhələsi ilə bağlı heç bir proqram mövcud deyil. O əlavə edib ki, Tehran tərəfi əvvəlki danışıqlar zamanı hücuma məruz qalma təcrübəsini də unutmur.

Bəqai vurğulayıb ki, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir və bu, İranın mövqeyinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, Tehran danışıqlarda iştirakla bağlı qərarı yalnız öz milli maraqlarını nəzərə alaraq verəcək.

Sözçü həmçinin Oman körfəzində və Hörmüz boğazında yaranan təhlükəsizlik vəziyyətinə də toxunub. O bildirib ki, ABŞ və İsrailin son hərəkətlərinə qədər bölgədə, xüsusilə Hörmüz boğazında vəziyyət sabit olub.

İran tərəfi beynəlxalq ictimaiyyəti ABŞ və İsrailin regionda dəniz təhlükəsizliyini risk altına qoyan addımlarına qarşı məsuliyyət daşımağa çağırıb. Tehran hesab edir ki, Hörmüz boğazında sabitliyin pozulması qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır.

Mövzuya görə xəbərlər