BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran məhkəmə hakimiyyəti iki nəfərin İsrailin kəşfiyyat xidməti ilə əlaqədə olmaq ittihamı ilə edam edildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, rəsmi məlumata görə, həmin şəxslər casusluq şəbəkəsinə üzv olmaqda günahlandırılıb.
Açıqlamada bildirilib ki, edam olunan şəxslər İsrailin xarici kəşfiyyat xidməti ilə əlaqə saxlayıb və müəyyən əməliyyatlar üçün hazırlıq keçiblər. Onların Tehranda mühüm hərbi hədəfə qarşı hücum planlaşdırdıqları iddia olunur.
İran tərəfi qeyd edib ki, təhlükəsizlik orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində şəbəkənin fəaliyyəti ifşa olunub və təqsirləndirilən şəxslər barəsində məhkəmə qərarı çıxarılıb.
Hadisə regionda onsuz da yüksək olan gərginlik fonunda baş verir. Son günlərdə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti, o cümlədən Oman körfəzi ətrafında baş verən insidentlər fonunda İran və ABŞ arasında münasibətlər daha da kəskinləşib.
Ekspertlər hesab edir ki, bu cür hadisələr regionda qarşılıqlı etimadsızlığı artırmaqla yanaşı, təhlükəsizlik risklərini də yüksəldə bilər.







