BAKI,TurkicWorld, Orxan Qədirzadə
Pakistanın yüksək rütbəli rəsmisi "Al Jazeera" telekanalına verdiyi açıqlamada İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatların davam edən diplomatik müzakirələrə təsir etməyəcəyini bildirib.
TurkicWorld-un məlumatına görə Pakistanlı rəsmi qeyd edib ki, İsrailin Livan ərazisindəki hərbi addımları ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasının birbaşa pozulmasıdır. Onun sözlərinə görə, bu hücumlar bölgədəki kövrək sülhə ciddi zərbə vursa da, nəzərdə tutulan danışıqlar prosesini dayandırmayacaq və əvvəlcədən müəyyən edilmiş danışıqlar qrafiki dəyişməz qalacaq.
Mənbə vurğulayıb ki, diplomatik kanalların açıq qalması regionun gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Pakistan tərəfi hesab edir ki, hərbi gərginliyin artmasına baxmayaraq, beynəlxalq vasitəçilik səyləri öz axarı ilə davam etməlidir.
Xatırladaq ki, Pakistan son günlər Yaxın Şərqdə, xüsusilə Livan və Yəmən cəbhələrində atəşkəsin əldə olunması üçün fəal diplomatik təşəbbüslərlə çıxış edir. Rəsmi İslamabadın bu son bəyanatı bölgədəki hərbi gərginliyə rəğmən diplomatik həll yoluna sadiqliyini bir daha nümayiş etdirir.







