BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilmiş iki həftəlik müvəqqəti atəşkəs qərarını yaxından izlədiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması ilə bağlı rəsmi mövqeyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir ki, rəsmi Əbu-Dabi İranın bölgədəki hərbi əməliyyatları dayandırması və Hörmüz boğazının qeyd-şərtsiz yenidən açılması öhdəliklərini təmin etmək üçün sazişin bəzi müddəalarına aydınlıq gətirilməsini tələb edir.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, son 40 gün ərzində İran tərəfi infrastruktur, enerji obyektləri və mülki hədəfləri 2819 ballistik və qanadlı raketlə, həmçinin dronlarla hədəf alıb. Bu "səbəbsiz hücumlar" nəticəsində yaranmış insan itkiləri və maddi ziyanın miqyası İranın həm hüquqi, həm də maliyyə (təzminat) baxımından tam məsuliyyət daşımasını zəruri edir.
Nazirlik bölgədə davamlı sülhün bərqərar olması üçün İranın yaratdığı bütün təhdidlərin aradan qaldırılmasını hədəfləyən hərtərəfli yanaşmaya ehtiyac olduğunu bildirib. Bu çərçivədə aşağıdakı bəndlər prioritet kimi göstərilib:
İranın nüvə imkanları və ballistik raket proqramının məhdudlaşdırılması;
Dron hücumlarına və terrorçu proksi qruplara verilən dəstəyin kəsilməsi;
Hörmüz boğazında naviqasiya azadlığının təmin olunması;
İqtisadi müharibə və dəniz piratçılığına son qoyulması.
Bəyanatda bir daha təsdiq olunub ki, BƏƏ bu müharibənin tərəfi deyil və münaqişənin alovlanmaması üçün Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində intensiv diplomatik səylər göstərib. Bununla belə, Əmirliklər öz suverenliyini və təhlükəsizliyini qətiyyətlə qoruyacağını bildirib.
Rəsmi Əbu-Dabi həmçinin İranı 11 mart 2026-cı ildə qəbul edilmiş, Tehranın hücumlarını pisləyən və onların dərhal dayandırılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə tam riayət etməyə çağırıb.







