BAKI,TurkicWorld,Yusif Şərifzadə
İraq hökuməti ölkədə fəaliyyət göstərən İrana yaxın silahlı qruplara silahlarını təhvil vermələri üçün sentyabrın 30-dək müddət müəyyənləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə hökumətin sözçüsü mətbuat konfransında məlumat verib. Qərar İraqın Baş naziri Əli əl-Zeydinin ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində açıqlanıb. Vaşinqton Bağdaddan silahlı qrupların silahsızlaşdırılması istiqamətində konkret addımlar atılmasını tələb edir.
Məlumata görə, həmin silahlı qrupların bir hissəsi dövlət tərəfindən tanınan Xalq Səfərbərlik Qüvvələrinin tərkibində fəaliyyət göstərir.
ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk həftələrində bu qrupların bəziləri İraqdakı ABŞ hərbi obyektlərinə hücumlar həyata keçirmişdi.
İraq hökuməti silahsızlaşdırma prosesinin ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi və dövlət nəzarətinin gücləndirilməsi baxımından vacib olduğunu bildirir.







