BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın cənubundakı strateji Xark adasında və ölkənin şimal-qərbindəki mühüm nəqliyyat qovşaqlarında ABŞ və İsrailin hava hücumları nəticəsində güclü partlayışlar baş verib.
TurkicWorld xəbər verir ki, aprelin 7-də günorta saatlarında baş verən hücumlar İranın ən mühüm neft terminalını və daxili nəqliyyat arteriyalarını hədəf alıb. İran mətbuatının məlumatına görə, Təbriz-Tehran magistral yolu üzərindəki strateji körpü vurulduqdan sonra yol hər iki istiqamətdə bağlanıb. Eyni zamanda, Qum şəhəri yaxınlığındakı mühüm rabitə və nəqliyyat körpülərindən birinin də hədəf alındığı bildirilir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş verənlərə cavab olaraq kəskin bəyanat yayıb. Qurumun "Tasnim" və "Fars" agentliklərinə verdiyi açıqlamalarda qeyd olunur ki, ABŞ ordusu infrastrukturu hədəf almağa davam edərsə, İranın cavabı regionun hüdudlarını aşacaq. SEPAH qonşu ölkələrə də xəbərdarlıq edərək bildirib: "Mehriban qonşuluq xatirinə nümayiş etdirdiyimiz böyük təmkin artıq sona çatdı. ABŞ-ın regional tərəfdaşları bilməlidir ki, hədəf seçimindəki bütün məhdudiyyətlərimiz artıq ləğv edilib".
Hücuma məruz qalan Xark adası İran iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır:
İranın xam neft ixracının təxminən 90%-i məhz bu adadakı terminallar vasitəsilə həyata keçirilir.
Buşehr limanından 55 km şimal-şərqdə, Fars körfəzində yerləşən adanın sahəsi cəmi 22 kvadrat kilometrdir.
ABŞ Prezidenti Donald Tramp hələ mart ayında adadakı hərbi hədəflərin vurulduğunu bəyan etmiş və strateji nöqtənin işğal oluna biləcəyinə işarə vurmuşdu.







