BAKI, TurkicWorld, Orxan Qədirzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, hərbi eskalasiyanın "ciddi fəsadları" barədə xəbərdarlıq edərək, Yaxın Şərqdə davam edən münaqişənin "sülh yolu ilə" həll edilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Al Tani bu fikirləri ispanyalı həmkarı Xose Manuel Albares ilə apardığı telefon danışığı zamanı səsləndirib.
Nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında yayılan məlumata görə, hər iki rəsmi İranın Qətərə və regionun digər ölkələrinə qarşı "əsassız təcavüzünün" dayandırılmasının zəruriliyini təsdiqləyiblər.
Al Tani böhranın qarşısını almaq üçün "danışıqlar masasına qayıtmağın, məntiq və hikmət dilinə üstünlük verməyin" vacibliyini bir daha diqqətə çatdırıb.
Öz növbəsində, Xose Manuel Albares ölkəsinin Qətərlə "həmrəy" olduğunu ifadə edib. İspaniya tərəfi həmçinin gərginliyin azaldılmasının, mülki infrastrukturun və obyektlərin qorunmasının, habelə enerji sektorunun təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Bu danışıqlar ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri artırdığı və İranın regiondakı hədəflərə qarşı raket hücumları təşkil etdiyi bir vaxtda, Qətərin diplomatik balans yaratmaq cəhdi kimi qiymətləndirilir.







