BAKI, TurkicWorld, Orxan Qədirzadə
London məhkəməsində yəhudi icmasının təcili yardım maşınlarının yandırılması işi üzrə dördüncü şübhəli şəxs həbs edilib.
TurkicWorld xəbər verir ki, şənbə günü prokurorluqdan verilən məlumata görə, saxlanılma hadisəsi artıq ittiham olunan üç nəfərin London məhkəməsində prosesi keçirilən zaman baş verib. 20 yaşlı Həmzə İqbal, 19 yaşlı Reyhan Xan və adı açıqlanmayan 17 yaşlı yeniyetmə martın 23-də Londonun Qolders Qrin bölgəsində sinaqoq yaxınlığında "Hatzola" xidmətinə məxsus dörd maşını yandırmaqda ittiham olunurlar.
Böyük Britaniyanın Baş naziri Kir Starmer baş vermiş hadisəni "dərin şok yaradan antisemit yandırma hücumu" kimi xarakterizə edib. Prokurorluq Xidmətinin nümayəndəsi polisin hücumda cəmi dörd nəfərin iştirak etdiyinə inandığını və dördüncü şəxsin şənbə günü səhər saatlarında məhkəmə binasında saxlanıldığını bildirib. Hazırda üç nəfərə qarşı əmlaka qəsdən ziyan vurma və insan həyatını təhlükəyə atma maddələri ilə ittiham irəli sürülüb. Onlardan ikisi Britaniya, biri isə Britaniya-Pakistan vətəndaşıdır.
Məlumata görə, "Sağ Əlin İslam Hərəkatı" adlı İranpərəst qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürüb. Britaniyanın antiterror polis xidməti araşdırmalara rəhbərlik etsə də, hadisə hələlik rəsmən terror aktı kimi təsnif edilməyib. "Hatzola" xidməti Britaniyanın Milli Səhiyyə Xidməti ilə birgə çalışan və əsasən ortodoks yəhudi icmasına xidmət edən könüllü qurumdur. Yanğın zamanı avtomobillərdəki balonların partlaması nəticəsində ətrafdakı binaların şüşələri sınsa da, xəsarət alan olmayıb.







