Son dəqiqə

ABŞ Donald Tramp humanitar yardım Humanitar böhran qiymətli metallar Afrika səhiyyə yardımı

ABŞ minerallar qarşılığında Afrikaya kömək təklif edir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2025-ci ilin sonlarında qlobal səhiyyə yardımlarını gözlənilmədən dayandıran ABŞ administrasiyası, hazırda inkişaf etməkdə olan ölkələrə, xüsusilə Afrika dövlətlərinə yeni və mübahisəli tibbi yardım paketləri təklif edir.

TurkicWorld KİV-ə istinadən xəbər verir ki, bu müqavilələr həyati əhəmiyyətli fondların ayrılması müqabilində ölkələrin təbii sərvətlərinə və milli təhlükəsizlik məlumatlarına çıxış tələbini irəli sürür.

Yeni yardım modelinə qarşı ən kəskin reaksiya Zambiya və Zimbabvedən gəlib. Sızdırılan məlumatlara görə, Vaşinqton Zimbabveyə 300 milyon dollar yardım müqabilində həssas epidemioloji məlumatların və bioloji nümunələrin ABŞ-a ötürülməsini tələb edib ki, rəsmi Harare də bu şərtləri "təkyönlü" adlandıraraq danışıqlardan çəkilib.

Oxşar gərginlik Zambiyada da müşahidə olunur. ABŞ 1 milyard dollarlıq yardım müqabilində bu ölkədən mis, kobalt və litium kimi kritik minerallara çıxış imkanı və 10 illik birtərəfli məlumat mübadiləsi tələb edib. Zambiya rəsmiləri bu bəndləri problemli hesab edərək müqaviləyə yenidən baxılmasını istəyiblər. Əgər Lusaka bu həftəyə qədər sazişi imzalamasa, ölkədə 1,3 milyon insanın İİV müalicəsini təmin edən PEPFAR proqramının maliyyələşməsi tamamilə dayandırıla bilər.

USAID-in ləğvi və maliyyə kəsintiləri artıq regionda ağır nəticələrə yol açıb. Tədqiqatlar göstərir ki, İİV, vərəm və malariya kimi qarşısı alına bilən xəstəliklərdən 500 mindən çox uşaq və 260 mindən çox böyüklərin həyatını itirdiyi təxmin edilir. Bu humanitar böhran fonunda yardımın həcmi də kəskin şəkildə azaldılır. Məsələn, 2024-cü ildə Vaşinqtondan 200 milyon dollar yardım alan Seneqal üçün yeni beşillik plan üzrə bu məbləğin ümumilikdə 100 milyon dollardan az olacağı gözlənilir.

Müqavimətlərə baxmayaraq, Nigeriya, Keniya və Efiopiya kimi ölkələr artıq analoji sənədləri imzalayıblar. Lakin bu müqavilələrin tam mətninin dərc olunmaması və şərtlərin qeyri-şəffaf qalması vətəndaş cəmiyyəti qrupları tərəfindən sərt tənqid olunur. Keniyada istehlakçı hüquqlarını müdafiə edən bir qrup, 2,5 milyard dollarlıq müqavilənin milyonlarla insanın fərdi məlumatlarının məxfiliyini pozduğunu iddia edərək artıq məhkəməyə müraciət edib.

Ekspertlər bildirir ki, yardımların faydalı qazıntıların çıxarılması ilə əlaqələndirilməsi birbaşa istismarçı praktikadır. Bildirilir ki, qlobal səhiyyə yardımı həm də ABŞ-ın özünü gələcək pandemiyalardan qorumaq üçün vacibdir və bu sahədəki kəsintilər hər iki tərəf üçün uzunmüddətli mənfi nəticələr doğuracaq.

Mövzuya görə xəbərlər