BAKI, TurkicWorld, Orxan Qədirzadə
Qüdsün Latın patriarxı, kardinal Pyerbattista Pizzaballa və patriarx müavini yepiskop Vilyam Şomali İsrail polisinin dini rituallara qoyduğu məhdudiyyətlərlə bağlı yeni detalları açıqlayıblar.
TurkicWorld xəbər verir ki, Yepiskop Şomali "Al Jazeera"ya verdiyi müsahibədə bildirib ki, Patriarxlıq İsrail rəsmiləri ilə görüşdə 28 fevraldan – İrana qarşı müharibə başladıqdan bəri qapıları bağlı qalan Məscidül-Əqsanın müsəlmanların üzünə açılmasını tələb edib.
İsrail hakimiyyətinin qərarına əsasən, Məscidül-Əqsa 15 aprel 2026-cı il tarixinə qədər ibadətə qapalı saxlanılacaq. Bu, 1967-ci ildən bəri müqəddəs məkanın bağlandığı ən uzun müddət kimi qiymətləndirilir. Latın Patriarxlığı bu addımı dünyadakı milyardlarla insanın dini hisslərinə qarşı hörmətsizlik adlandırıb.
Yepiskop Şomali qeyd edib ki, beynəlxalq və regional təzyiqlər nəticəsində İsrail polisi Latın patriarxının Müqəddəs Qəbir kilsəsinə (Kilsə-i Qiyamə) girişinə qoyulan qadağanı ləğv edib. Belə ki, bu cümə axşamından etibarən məhdud sayda din xadiminin kilsədə ibadət etməsinə icazə veriləcək. Xatırladaq ki, ötən bazar günü kardinal Pizzaballa və onu müşayiət edən din xadimləri kilsəyə gedərkən İsrail polisi tərəfindən saxlanılmış və geri qaytarılmışdı.
İsrail tərəfi məhdudiyyətləri müharibə şəraiti və sığınacaqların olmaması ilə əsaslandırsa da, yepiskop Şomali bu bəhanələri rədd edib. O vurğulayıb ki, patriarx xristianlar üçün ilin ən müqəddəs həftəsində duaların kəsilməməsi üçün bütün məsuliyyəti öz üzərinə götürərək ibadətini davam etdirmək qərarına gəlib.







