BAKI, TurkicWorld, Orxan Qədirzadə
Kolumbiya dairə rəhbərliyinin hakimi Riçard Leon ABŞ Prezidenti Donald Trampın Ağ Ev ərazisində həyata keçirmək istədiyi 400 milyon dollarlıq yeni layihəsini dondurub.
TurkicWorld xəbər verir ki, hakim Tarixi Yerlərin Mühafizəsi üzrə Milli Fondun iddiasını təmin edərək, layihənin Konqres tərəfindən təsdiqlənmədən davam etdirilə bilməyəcəyinə dair qərar çıxarıb.
Keçmiş respublikaçı prezident Corc Buş tərəfindən təyin edilmiş hakim Riçard Leon öz qərarında ABŞ dövlət başçısının səlahiyyətlərini aşdığını vurğulayıb. Hakim qeyd edib ki, heç bir qanun prezidentə tarixi Şərq qanadını sökərək yerində yeni bina tikmək səlahiyyəti vermir.
"Amerika Birləşmiş Ştatlarının Prezidenti Ağ Evin gələcək nəsillər üçün mühafizəçisidir, lakin onun sahibi deyil! Konqres bu layihəni qanunvericilik yolu ilə təsdiqləməyənə qədər tikinti dayandırılmalıdır." - deyə bildirib.
Qərarda bildirilir ki, bu qadağa Ağ Evin təhlükəsizliyini təmin etmək üçün zəruri olan tikinti işlərinə şamil edilmir.
Donald Tramp sosial şəbəkə hesabında məhkəmənin qərarına kəskin reaksiya verərək, Milli Fondu "solçu dəlilər" adlandırıb. O, ziyafət zalının büdcədən kənar vəsait hesabına, vergi ödəyicilərinə yük olmadan inşa edildiyini və dünyanın ən gözəl binası olacağını iddia edib. ABŞ Ədliyyə Nazirliyi isə qərardan bir neçə saat sonra Vaşinqton Apellyasiya Məhkəməsinə şikayət verib.
Təxminən 8360 kvadratmetr sahəni əhatə edən ziyafət zalı layihəsi məhkəmə çəkişməsi yekunlaşana qədər dayandırılmış vəziyyətdə qalacaq. Hakim administrasiyaya apellyasiya şikayəti vermək üçün 14 gün vaxt tanıyıb. Milli Fondun rəhbəri Kerol Kvillen isə bu qərarı "Amerika xalqının qələbəsi" kimi qiymətləndirib və ölkənin ən simvolik məkanlarından birinin qorunmasının vacibliyini qeyd edib.







