Son dəqiqə

Ağ Ev Yaxın Şərq Tramp

Tramp Hörmüz boğazı ilə bağlı bütün ölkələrə öz təkliflərini irəli sürüb

Bakı. TurkicWorld:

Yaxın Şərqdə davam edən eskalasiyalar və Hörmüz boğazında neft daşımalarında yaranan fasiələlər fonunda Ağ Ev rəhbəri Donald Tramp aviasiya yanacağı defisiti ilə üzləşmiş ölkələrə bir sıra təkliflər irəli sürüb.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında yazıb.

Tramp bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində hər ölkə özü məşğul olmalıdır, ABŞ-yə arxalanmamalıdır.

"Hörmüz boğazına (boğazın bloklanmasına görə-red.) görə aviasiya yanacağı əldə edə bilməyən bütün ölkələrə məsələn, İranın "başsızlaşdırılması" əməliyyatında iştirakdan imtina edən Birləşmiş Krallığa belə bir təklifim var: birincisi, (yanacağı) ABŞ-dən alın, bizdə kifayət qədər ehtiyat var; ikincisi isə, bir qədər gecikmiş cəsarətinizi toplayın, boğaza gedin və sadəcə götürün. Özünüz üçün mübarizə aparmağı öyrənməyə başlamalı olacaqsınız - ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq, necə ki, siz də bizim üçün orada olmadınız. İran faktiki olaraq darmadağın edilib. Çətin hissə artıq geridə qalıb. Gedin və öz neftinizi götürün", - Tramp yazıb.

Digər postunda isə Ağ Ev rəhbəri Fransa hökumətini tənqid edib.

"Fransa dövləti hərbi avadanlıqla yüklənmiş təyyyarələrin Fransa üzərində İsrailə uçmasına icazə verməyib. Fransa "İranın qəssabı" ilə bağlı çox YARARSIZ davrandı - hərçənd o uğurla zərərsizləşdirilib! ABŞ bunu UNUTMAYACAQ!!!",- Tramp yazıb.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Mövzuya görə xəbərlər