Bakı,TurkicWorld
İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının detalları məlum olub.
Bu barədə "Axios" nəşri ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verir. Qeyd olunub ki, Netanyahu telefon danışığı zamanı noyabrın 3-də keçiriləcək aralıq konqres seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istəyib.
Məlumata görə, Netanyahu Vaşinqtonun Tehranla apardığı danışıqlardan narahatdır və ABŞ-ın diplomatik səylərə əlavə vaxt ayırmaq qərarını dəstəkləmir.
Donald Tramp isə hələlik İrana qarşı yeni hərbi əməliyyatların başlanması ilə bağlı yekun qərar verməyib. ABŞ Prezidenti Tehranla diplomatik danışıqların davam etdirilməsinə və nəticə əldə olunması üçün əlavə vaxt verilməsinə üstünlük verir.
Mənbələrin sözlərinə görə, İsrail tərəfi telefon danışığını "çətin", amerikalı mənbə isə "birbaşa" söhbət kimi xarakterizə edib.
Tramp daha əvvəl jurnalistlərə Netanyahu ilə telefon danışığını "çox yaxşı söhbət" adlandırıb və İran məsələsinin müzakirə olunduğunu təsdiqləyib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vensin də İranla danışıqların bərpası imkanları ilə bağlı Tehrana məktub göndərdiyi bildirilir.
Qeyd edək ki, hazırda Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında birbaşa danışıqların bərpası istiqamətində diplomatik təmaslar aparılır.







