Son dəqiqə

Fələstin İsrail Netanyahu Səlfit İsrail yaşayış məntəqələri Ariel

Netanyahu işğal altındakı İordan çayının qərb sahilində öz adını daşıyan yolu açıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu işğal altındakı İordan çayının qərb sahilinin Səlfit bölgəsində yerləşən Ariel yaşayış məntəqəsində öz adını daşıyan yeni yolun açılışını edib. Yerli mətbuatın məlumatına görə, “Netanyahu yolu” İsrail hökumətinin bölgədə yəhudi yaşayış məntəqələrini genişləndirmək siyasətinin tərkib hissəsidir.

TurkicWorld xəbər verir ki, yeni yol İsrail hökumətinin işğal altındakı Fələstin ərazilərində yaşayış məntəqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi daha böyük layihə çərçivəsində istifadəyə verilib. Məlumata görə, hökumətin planına 12 min yeni mənzilin inşası da daxildir.

İsrail hökumətinin planının Ariel yaşayış məntəqəsinin əhalisini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıdığı bildirilir. Təqdim olunan ilkin məlumatda yaşayış məntəqəsində əhalinin sayının 100 min nəfərə çatdırılması hədəfindən bəhs olunur.

Ariel işğal altındakı İordan çayının qərb sahilində yerləşən ən böyük İsrail yaşayış məntəqələrindən biridir. İsrailin hazırkı hökuməti son illərdə bölgədə yeni yaşayış evlərinin tikintisini və mövcud məntəqələrin genişləndirilməsini sürətləndirib. Məsələn, “Peace Now” təşkilatının 2026-cı il hesabatına görə, Netanyahu hökumətinin üç ili ərzində yaşayış məntəqələrində 12 216 mənzilin tikintisi üçün müsabiqələr elan edilib.

İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin genişləndirilməsi Fələstin–İsrail münaqişəsinin ən mübahisəli məsələlərindən biridir. Fələstin tərəfi bu əraziləri gələcək müstəqil dövlətinin tərkib hissəsi hesab edir. Beynəlxalq səviyyədə də yaşayış məntəqələrinin genişləndirilməsi Fələstin dövlətinin ərazi bütövlüyünə təsiri baxımından ciddi mübahisələr doğurur.

Son dövrdə İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi ilə yanaşı, israilli məskunlaşanlarla fələstinlilər arasında qarşıdurmalar da artıb. Avqust ayında ABŞ rəsmiləri Qusra kəndində fələstinli ailələrin evlərinin israilli məskunlaşanlar tərəfindən mühasirəyə alınması ilə bağlı İsrail hökumətinə etiraz bildiriblər.

Mövzuya görə xəbərlər