BAKI, TurkicWorld, Orxan Qədirzadə
Pakistanın paytaxtı İslamabadda keçirilən dördtərəfli xarici işlər nazirləri görüşünün ilk mərhələsi başa çatıb, lakin müharibənin dayandırılması ilə bağlı konkret təşəbbüs irəli sürülməyib.
TurkicWorl xəbər verir ki, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüş təxminən iki saat davam edib. Görüşdə əsas diqqət regionda gərginliyin azaldılması və diplomatik yollarla münaqişənin həllinə yönəlib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi görüşdən sonra yaydığı açıqlamada böhranın qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.
Məlumata görə, görüş çərçivəsində İran və ABŞ arasında aparılan dolayı danışıqların gedişi də müzakirə edilib. Rəsmilər bu təmasların müharibənin dayandırılması istiqamətində mühüm rol oynaya biləcəyini bildiriblər.
Bildirilib ki, İslamabad danışıqları həm də son günlərdə Pakistan rəhbərliyinin İranla keçirdiyi geniş müzakirələrin davamı kimi qiymətləndirilir. Pakistanın baş naziri ilə İran prezidenti arasında aparılan danışıqlarda regiondakı vəziyyət geniş şəkildə müzakirə olunub.
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar görüş ərəfəsində həmkarları ilə ikitərəfli görüşlər keçirərək dialoq və diplomatiyanın münaqişələrin həlli üçün yeganə yol olduğunu bildirib. O, həmçinin İranın xarici işlər naziri ilə telefon danışığında gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
Qeyd olunur ki, son saatlarda regionda mümkün təşəbbüsün irəli sürülməsi ilə bağlı gözləntilər artsa da, görüşün ilk mərhələsi konkret nəticə olmadan yekunlaşıb və tərəflərin əsasən gərginliyin azaldılması çağırışı ilə kifayətləndiyi bildirilir.
Bununla belə, diplomatik mənbələr qarşılıqlı addımların artıq müzakirə olunduğunu qeyd edir. Bildirilir ki, İranın Hörmüz boğazından müəyyən sayda neft tankerinin keçidinə razılıq verməsi və Pakistanın İranla ticarət məhdudiyyətlərini qismən yumşaltması mümkün regional təşəbbüsün ilkin əlamətləri kimi qiymətləndirilir.







