BAKI, TurkicWorld, Orxan Qədirzadə
İraqın Xarici İşlər naziri Fuad Hüseyn ölkəsinin regional münaqişələrdə iştirak etməyəcəyini və heç bir tərəfin maraqları üçün istifadə olunmayacağını bildirib.
TurkicWorld xəbər verir ki, nazirin rəsmi açıqlamasında İraqın neytrallıq prinsipinə sadiq qalacağı vurğulanıb. Bildirilib ki, ölkə heç bir regional qarşıdurmada tərəf olmayacaq və öz ərazisinin münaqişə meydanına çevrilməsinə imkan verməyəcək.
Fuad Hüseyn qeyd edib ki, İraq öz ərazilərindən qonşu dövlətlərə qarşı hər hansı hücum və ya təcavüz məqsədilə istifadə olunmasına qəti şəkildə qarşıdır. Bu mövqe ölkənin ərazi bütövlüyü və təhlükəsizlik maraqları baxımından əsas prioritet kimi təqdim olunub.
Nazir əlavə edib ki, Bağdad suverenliyini qorumağa və regionda sabitliyi pozacaq hər hansı addımın qarşısını almağa tam sadiqdir. Onun sözlərinə görə, ölkə daxilində sabitliyin təmin olunması və xarici təsirlərin minimuma endirilməsi əsas məqsədlərdən biridir.







