Son dəqiqə

Fransa NATO Böyük Britaniya İran ABŞ İtaliya Almaniya Donald Tramp

Donald Trampdan NATO-ya xəbərdarlıq - Köməyimizə gəlmədilər, bunu əsla unutmayacağıq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında İranla müharibənin gedişatı və müttəfiqlərin bu prosesdəki mövqeyi ilə bağlı açıqlamalar verib. Tramp xüsusilə NATO üzvlərinin ABŞ-ın yardım çağırışlarına səssiz qalmasını gələcək münasibətlər üçün bir "sınaq" adlandıraraq, Vaşinqtonun bu laqeydliyi yaddaşından silməyəcəyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, ABŞ lideri rəsmi Tehranın hərbi potensialının böyük hissəsinin məhv edildiyini və İran rejiminin hazırda çıxılmaz vəziyyətdə olduğunu bəyan edib.

Prezident Tramp İranın raket arsenalının və dəniz qüvvələrinin demək olar ki, tamamilə sıradan çıxarıldığını iddia edərək hərbi üstünlüyün mütləq şəkildə ABŞ-ın tərəfində olduğunu bildirib. O, İranın raket buraxılış qurğularının təxminən 90 faizinin və raketlərinin böyük bir qisminin artıq məhv edildiyini, ölkənin dəniz donanmasının isə batırıldığını qeyd edib. Tramp baş verənləri İkinci Dünya Müharibəsindən sonrakı ən böyük dağıntı kimi xarakterizə edərək, İran rejiminin artıq məğlubiyyəti qəbul etdiyini və diplomatik kanallar vasitəsilə saziş əldə etmək üçün "yalvardığını" vurğulayıb.

Çıxışının ən diqqətçəkən hissəsində Tramp NATO-nu "kağızdan pələng" adlandıraraq, alyansın ABŞ-a lazım olan anda kömək etmədiyini xatırladıb. O, NATO üçün bir sınaq olan bu yardım təklifinin rədd edilməsini bir neçə aydan sonra hamının xatırlayacağını və ABŞ-ın bunu əsla unutmayacağını bildirib. Xüsusilə Almaniya və Böyük Britaniyanın mövqeyinə toxunan Tramp, Almaniya kanslerinin "bu bizim müharibəmiz deyil" sözlərinə cavab olaraq, Ukraynadakı müharibənin də ABŞ-ın müharibəsi olmadığını, lakin Vaşinqtonun ora böyük yardımlar etdiyini qeyd edib. Böyük Britaniyanın hərbi gəmilərini isə ABŞ-ın aviadaşıyıcıları ilə müqayisədə "oyuncaq" adlandıran Tramp, Londonun bu prosesə qarışmaq istəməməsinə eyni şəkildə cavab veriləcəyinə işarə edib.

Prezident Tramp gələcək diplomatik addımların yalnız "doğru razılaşma" çərçivəsində mümkün olduğunu və belə bir saziş imzalanacağı təqdirdə strateji Hörmüz boğazının yenidən beynəlxalq nəqliyyat üçün açıla biləcəyini ifadə edib. O, həmçinin qeyd edib ki, enerji qiymətləri qorxduğu qədər artmayıb və bu, ABŞ-ın apardığı hərbi-strateji manevrlərin nəticəsidir. Tramp İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verilməyəcəyini, çünki qarşı tərəfin "xəstə və təhlükəli" bir idarəçilik sisteminə malik olduğunu bir daha təkrar edib.

Mövzuya görə xəbərlər