BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ və İsrailin İranla artan qarşıdurması fonunda Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin daha üç il davam edə biləcəyi ssenarisinə hazırlaşmağa başlayıb. Vaşinqtonun diqqətinin Yaxın Şərqə yönəlməsi Ukraynada daxili vəziyyətin uzunmüddətli münaqişə rejiminə uyğunlaşdırılmasını zərurətə çevirib.
TurkicWorld xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Zelenski parlamentə münaqişənin ən azı daha üç il davam edəcəyi şəraitdə fəaliyyət planı hazırlamağı tapşırıb. Bu addım ABŞ-ın diqqətini Yaxın Şərqə yönəltməsi səbəbindən sülh danışıqlarının dayandığı bir vaxtda atılıb.
Eyni zamanda, Rusiya paytaxtında təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Polşadan gələn və tibbi ayaqqabıların içərisinə gizlədilmiş 500-dən çox əldəqayırma partlayıcı qurğunun dövriyyəyə buraxılmasının qarşısını alıb.
Cəbhə xəttində və hər iki ölkənin dərinliklərində pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar kəskin intensivləşib. Rusiya tərəfi son bir gündə Ukraynanın 259 PUA-sını vurduğunu, Ukrayna isə öz növbəsində Rusiyanın 365 PUA və 25 raketini zərərsizləşdirdiyini bəyan edib.
Ekspertlər bildirirlər ki, tərəflər artıq daha mürəkkəb diversiya metodlarından istifadə etməyə başlayıblar. FSB-nin məlumatına görə, partlayıcılar məişət əşyaları, oyuncaqlar və ətirlərin içərisinə elə yerləşdirilir ki, onları aşkar etmək olduqca çətindir. Bu qurğuların bir hissəsinin GSM və ya radio kanallar vasitəsilə uzaqdan idarə olunduğu, bəzilərinin isə hərəkət sensorları ilə təchiz edildiyi vurğulanıb.







