BAKI,TurkicWorld
Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında İranla bağlı sanksiyalara nəzarət edən Ekspertlər Qrupunun mandatının uzadılmasını nəzərdə tutan ABŞ qətnamə layihəsinə veto qoyub. Səsvermədə layihə 11 ölkənin dəstəyini qazansa da, iki daimi üzvün vetosu səbəbindən qəbul edilməyib.
ArabAZ xəbər verir ki, ABŞ tərəfindən hazırlanan layihə BMT Təhlükəsizlik Şurasının İran üzrə 1737 saylı Sanksiyalar Komitəsinə dəstək verən Ekspertlər Qrupunun mandatının daha bir il — 2027-ci ilin sentyabrına qədər uzadılmasını nəzərdə tuturdu.
Moskva və Pekinin etirazının əsasını İranın nüvə proqramı üzrə 2015-ci il razılaşması çərçivəsində nəzərdə tutulan sanksiyaların “geri qaytarılması” mexanizminin hüquqi qüvvəsi ilə bağlı mübahisə təşkil edir.
Fransa, Almaniya və Böyük Britaniya 2025-ci ilin avqustunda İranın nüvə öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək həmin mexanizmi işə salmışdı. Bu ölkələr və ABŞ hesab edirlər ki, nəticədə İranla bağlı əvvəlki BMT sanksiyaları yenidən qüvvəyə minib, 1737 saylı Sanksiyalar Komitəsi və Ekspertlər Qrupu da bərpa olunub.
Rusiya və Çin isə bu mövqeyi qəbul etmir. Moskva və Pekin mexanizmin işə salınmasının hüquqi və prosedur baxımından etibarsız olduğunu, 2015-ci il nüvə sazişi və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə müvafiq müddətin 2025-ci ilin oktyabrında başa çatdığını bildirirlər. İran da bu mövqeni müdafiə edir.
Tərəflər arasındakı hüquqi-siyasi fikir ayrılığı səbəbindən 1737 saylı Komitənin fəaliyyəti faktiki olaraq dalana dirənib. Çin və Rusiya daha əvvəl BMT Katibliyinin Ekspertlər Qrupuna təklif etdiyi səkkiz namizədə də etiraz etmişdi.
Beləliklə, sentyabrın 17-də keçirilən səsvermə İranın nüvə proqramı və ona qarşı beynəlxalq sanksiyaların hüquqi statusu ilə bağlı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında davam edən fikir ayrılığını bir daha üzə çıxarıb.







