BAKI, TurkicWorld, Orxan Qədirzadə
Çin Xalq Respublikası Yaxın Şərqdə artan təhlükəsizlik riskləri və davam edən hərbi münaqişə fonunda İsraildəki vətəndaşlarına müraciət edərək, ölkəni mümkün qədər tez tərk etməyə çağırıb. Bu barədə məlumat Çinin Təl-Əvivdəki səfirliyi tərəfindən yayılıb.
TurkicWorld xəbər verir ki, rəsmi sənəddə İsrailə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumların miqyası, tezliyi və intensivliyinin artdığı vurğulanıb. Bu hücumların insan tələfatına və ciddi maddi ziyana səbəb olduğu diqqətə çatdırılıb.
Səfirlik insanların sığınacaqlara vaxtında çata bilməməsi səbəbindən yaralananların sayının artmasına xüsusi diqqət çəkib. Çin hökuməti ölkəni tərk etmək istəyən vətəndaşları üçün Misir sərhədində yerləşən "Taba" keçid məntəqəsi vasitəsilə təxliyə prosesini təşkil edib.
İsraildə qalmağa davam edən Çin vətəndaşlarına aeroportlar, dəniz limanları, elektrik stansiyaları, neft emalı zavodları, eləcə də digər mühüm infrastruktur obyektləri və hərbi zonalardan uzaq durmaq tövsiyə olunub. Qeyd edək ki, Çin rəhbərliyi daha əvvəl İrandakı vətəndaşlarına da bənzər çağırış edərək ölkəni tərk etmələrini istəmişdi. İndiyədək İsraildəki Çin vətəndaşlarına yalnız yüksək riskli zonalardan qaçmaq tövsiyə olunsa da, hücumların intensivləşməsi bu qərarın sərtləşdirilməsinə səbəb olub.







