BAKI,TurkicWorld Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərdə diplomatik həll imkanının hələ də qorunduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Vaşinqtonun Tehranla razılıq əldə etmək şansını itirmədiyini deyib.
Prezident daha əvvəl İranla bağlı atəşkəsin “kritik vəziyyətdə” olduğunu bildirsə də, hazırkı mərhələdə diplomatik kanalların tam bağlanmadığını vurğulayıb.
“Düşünürəm ki, bu, çox mümkündür. Mən onlarla dörd və ya beş dəfə razılaşma əldə etmişəm, amma onlar fikirlərini dəyişirlər”, – deyə Tramp bildirib.
ABŞ prezidenti çıxışı zamanı İran rəhbərliyini də sərt tənqid edib və onları “çox şərəfsiz” adlandırıb.
Xatırladaq ki, İran tərəfi ABŞ-ın irəli sürdüyü tələbləri “qeyri-real” hesab etdiyini açıqlayıb. Tehran Vaşinqtonun təkliflərinə cavabını isə “həddindən artıq olmayan” addım kimi qiymətləndirib.
ABŞ və İran arasında davam edən gərginlik regionda diplomatik və təhlükəsizlik risklərini artırmaqda davam edir.







