BAKI,TurkicWorld Yusif Şərifzadə
İran Çin Prezidenti Si Cinpinin Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasına dair irəli sürdüyü dörd maddəlik təşəbbüsü dəstəklədiyini açıqlayıb. TurkicWorld xəbər verir ki, bu barədə İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli danışıb.
Diplomat bildirib ki, Tehran Pekinin regionda təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş planını müsbət qiymətləndirir. Onun sözlərinə görə, İranın bu təşəbbüsə dəstəyi Fars körfəzi regionunda davamlı təhlükəsizliyin və ortaq inkişafın təmin edilməsinə xidmət edir.
Əbdolreza Rəhmani Fəzli qeyd edib ki, məsələ İran və Çin xarici işlər nazirləri arasında keçirilən görüş zamanı da xüsusi diqqət mərkəzində olub.
Xatırladaq ki, Çin Prezidenti Si Cinpin daha əvvəl Pekində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü zamanı Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına yönəlmiş dörd maddəlik plan təqdim etmişdi.
Pekin son illərdə Yaxın Şərqdə diplomatik fəallığını artıraraq region ölkələri arasında dialoq və sabitliyin təşviqində daha aktiv rol almağa çalışır.







