Son dəqiqə

İsrail İran ABŞ Süni intellekt

Süni intellekt sənayesi iflic təhlükəsi ilə üzləşib: İran müharibəsi tədarük zəncirini qırıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi münaqişə qlobal süni intellekt (AI) texnologiyalarının tədarük zənciri üçün birbaşa təhdid yaradıb. Çoxmilyardlıq investisiyalarla dəstəklənən sektorun sürətli böyüməsi spesifik xammal qıtlığı və enerji daşıyıcılarının qiymətindəki kəskin artımlarla qarşılaşıb.

TurkicWorld xəbər verir ki, "Financial Times"ın məlumatına görə, Cənubi Koreya və Tayvanın aparıcı çip istehsalçıları Hörmüz boğazı vasitəsilə daşımaların sabitliyindən kritik dərəcədə asılı vəziyyətə düşüblər. "Samsung", "SK Hynix" və "TSMC" kimi texnologiya nəhəngləri zavodların fəaliyyətini təmin etmək üçün Yaxın Şərq yanacağına və nadir kimyəvi maddələrə kəskin ehtiyac duyublar.

Silisium lövhələrinin soyudulması üçün zəruri olan Qətər heliumunun tədarükündə yaranan fasilələr ciddi narahatlıq doğurub. Bundan əlavə, mikrosxemlərin təmizlənməsində istifadə edilən kükürdün dəniz yolu ilə daşınan qlobal həcminin təxminən yarısının münaqişə zonasından keçdiyi bildirilib. Tədarük marşrutlarının bağlanması çip istehsalının maya dəyərinin artmasına və istehsal həcminin azalmasına səbəb olub.

ABŞ-da vəziyyət data mərkəzlərinin infrastruktur xərclərinin kəskin artması ilə daha da mürəkkəbləşib. Bu cür obyektlərin ümumi xərclərinin yarısını elektrik enerjisi təşkil etdiyi üçün resursların bahalaşması onların əməliyyat səmərəliliyini birbaşa aşağı salıb və aktivlərin özünü doğrultma müddətini təhlükə altına qoyub.

İnvestorlar artıq uzunmüddətli fasilə risklərini və artan inflyasiyanı nəzərə alaraq texnoloji nəhənglərin qiymətləndirilməsinə yenidən baxmağa başlayıblər. Analitiklər xəbərdarlıq ediblər ki, Hörmüz boğazında gəmiçilik bərpa olunmasa, regional neft və qaza alternativ tapılmadığı üçün qlobal resessiyadan qaçmaq qeyri-mümkün olacaq. Texnologiya sektorundakı bu durğunluq dünya iqtisadiyyatının digər sahələrinə də zəncirvari təsir göstərib.

Mövzuya görə xəbərlər