BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin xarici kəşfiyyat xidməti "Mossad" rəsmi Tehranın nüvə proqramı ilə bağlı məlumat əldə etmək məqsədilə İran vətəndaşlarına müraciət edərək, onları casusluğa çağırıb.
TurkicWorld xəbər verir ki, kəşfiyyat xidmətinin fars dilində fəaliyyət göstərən rəsmi "Telegram" kanalı vasitəsilə yayılan müraciətdə "Nüvə sənayesi sahəsində hər hansı məlumata çıxışınız varsa, bizimlə əlaqə saxlayın" ifadəsi işlədilib. "Mossad" məlumat sızdıran şəxslərin gələcəyinin "təhlükəsizlikdə olacağını" vəd edərək, iranlıları xüsusi qorunan rabitə kanalları vasitəsilə kəşfiyyatla əməkdaşlığa dəvət edib.
Bu müraciət İranın uran zənginləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edən Nətənz Nüvə Mərkəzinə endirilən hava zərbələrindən dərhal sonra baş tutub. Xatırladaq ki, İsrailin "KAN" dövlət televiziyası Nətənz obyektinə hücumun ABŞ-a məxsus qırıcı təyyarələr tərəfindən "sığınaq dağıdan" bombalarla həyata keçirildiyini iddia edib. İran Atom Enerjisi Təşkilatı isə bu hücumu rəsmən təsdiqləyərək, hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.







