BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Səudiyyə Ərəbistanı və Fransa rəhbərləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Danışıqlar zamanı tərəflər Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiyanı və onun regional təhlükəsizlik və sabitliyə təsirini müzakirə ediblər.
Telefon danışığında regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan bütün hərəkətlərin dayandırılmasının vacibliyi xüsusi vurğulanıb.
Liderlər gərginliyin daha da artmasının qarşısının alınmasının və diplomatik səylərin gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Tərəflər həmçinin Yaxın Şərqdə sabitliyin qorunmasının qlobal təhlükəsizlik və enerji bazarları üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.






