Son dəqiqə

İran ABŞ Məhəmməd Baqir Qalibaf Abbas Əraqçi ABŞ–İran danışıqları

ABŞ-la razılaşma İranda mübahisə yaratdı: Parlament üzvləri və etirazçılar hökuməti tənqid edir

BAKI,TurkicWorld Orxan Qədirzadə

ABŞ və İran arasında davam edən danışıqlar fonunda tərəflər arasında imzalanması gözlənilən mümkün anlaşma sənədi İranda ciddi siyasi müzakirələrə səbəb olub. Parlamentdəki mühafizəkar dairələr sənədin bəzi müddəalarına etiraz edərək hökumətin danışıqlar prosesində həddindən artıq güzəştə getdiyini iddia ediblər.

İran parlamentinin mühafizəkar deputatlarından Mahmud Nəbəviyan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Tehran və Vaşinqton arasında müzakirə olunan mümkün anlaşmanın detalları ilə bağlı narahatlığını ifadə edib.

Deputat bildirib ki, sənəddə Hörmüz boğazının təcili şəkildə və heç bir məhdudiyyət olmadan açılması, eləcə də uranın zənginləşdirilmə səviyyəsinin azaldılması ilə bağlı müddəalar yer alsa da, İran üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlər hələ də qeyri-müəyyən olaraq qalır.

Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi və İranın 300 milyard dollarlıq maliyyə fondundan istifadə imkanları ilə bağlı sənəddə aydın təminatlar nəzərdə tutulmayıb.

Mahmud Nəbəviyan bu səbəbdən sənədin ölkənin milli maraqlarına nə dərəcədə cavab verdiyi ilə bağlı sual qaldıraraq razılaşmanın detalları ətrafında geniş müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rəzai də danışıqlar prosesinə tənqidi yanaşıb. O, sosial şəbəkədə yaydığı açıqlamada İran nümayəndə heyətinin həddindən artıq güzəştli mövqe sərgilədiyini bildirib.

Rəzainin fikrincə, danışıqlar masasında nümayiş etdirilən bu yanaşma qarşı tərəfdə İranın zəif mövqedə olması ilə bağlı təsəvvür formalaşdırıb və bu, ABŞ-ın hesablamalarına təsir göstərib.

Bu arada, paytaxt Tehranda da mümkün razılaşmaya qarşı etiraz aksiyası keçirilib. Axşam saatlarında İbn Sina meydanına toplaşan bir qrup etirazçı ABŞ-la aparılan danışıqlara etiraz edib.

Aksiya iştirakçıları İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçiyə qarşı şüarlar səsləndiriblər. Etirazçılar danışıqlar prosesində İranın maraqlarının tam şəkildə qorunmadığını iddia ediblər.

Bundan əvvəl İranın ali dini rəhbəri Müctəba Xamenei ölkədə mümkün razılaşma ətrafında yaranan gərginlik və etirazlar fonunda xalqa müraciət edərək birlik və həmrəylik çağırışı etmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar prosesi tərəflər arasında baş vermiş son hərbi gərginlikdən sonra yenidən intensiv mərhələyə keçib. Hazırda müzakirələr mümkün razılaşmanın şərtləri üzərində davam edir və sənədin yekun məzmunu ilə bağlı rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər