BAKI,TurkicWorld, Fərid Mikayılov
İran və Oman xarici işlər nazirləri ABŞ–İran nüvə danışıqları ərəfəsində Maskat şəhərində görüş keçiriblər.
TurkicWorld xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtı Maskatda bu ölkənin xarici işlər naziri Badr bin Həməd əl-Busaidi ilə danışıqlar aparıb.
Görüş zamanı tərəflər İran–Oman ikitərəfli münasibətlərini, həmçinin regionda və beynəlxalq müstəvidə baş verən son prosesləri müzakirə ediblər. Danışıqların əsas mövzularından biri İran ilə ABŞ arasında planlaşdırılan nüvə danışıqları olub.
Məlumata görə, Abbas Əraqçi İran diplomatik nümayəndə heyətinə rəhbərlik edərək cümə axşamı axşam saatlarında Tehrandan Maskata yola düşüb. Nümayəndə heyətinin səfəri çərçivəsində ABŞ ilə nüvə proqramı üzrə danışıqların keçirilməsi nəzərdə tutulur.
Oman tərəfinin bu prosesdə vasitəçilik rolu xüsusi vurğulanıb. Maskatın regionda dialoq və diplomatik kanalların açıq saxlanılmasına töhfə verən platforma kimi çıxış etdiyi qeyd olunub.







