BAKI, TurkicWorld
İran ABŞ ilə müzakirələrin yenidən başlanmasının detalları haqda araşdırma aparır.
TurkicWorld-un məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müzakirənin formatı ilə bağlı müxtəlif dəyərləndirmələr aparılılır.
Bəqai bildirib ki, regionun hazırkı vəziyyəti ilə bağlı düzgün şəkildə nigaranlığı olan region ölkələri səmimi şəkildə müsbət rola sahib olmağa çalışırlar. Əksinə Avropa İttifaqına üzv ölkələr tam şəkildə gərginliyin artırılması istiqamətində addım atıblar.
Nazirlik rəsmisi əlavə edib ki, region ölkələri mesajların çatdırılmasında vasitəçilik edirlər:
"Bu çərçivədə bir sıra məsələlər ötürülüb və hazırda İran tərəfi diplomatik prosesin detalları haqda qərar vermə mərhələsindədir. Gələn günlərdə bununla bağlı nəticənin olacağına ümid edilir".
“İranın müzakirə aparacağı mövzu nüvə məsələsidir. Bu məsələ uzun illər təzyiq və sanksiya tətbiq etmək üçün vasitəyə çevrilib. İran nüvə proqramının mahiyyəti ilə əlaqədar nigaranlıqların aradan qaldırılması və etimadın yaradılması qarşılığında təbii haqqı olaraq sanksiyaların ləğv edilməsini istəyir”, - deyə o qeyd edib.
2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyanın paytaxtı Romada baş tutub.
Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.







