BAKI, TurkicWorld
Avropa İttifaqı (Aİ) liderləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı fevral ayında qüvvəyə minməsi planlaşdırılan rüsumları qaldıracağı ilə bağlı açıqlamasına müsbət reaksiya veriblər.
TurkicWorld-un məlumatına görə, bununla bağlı Niderlandın Baş naziri Dik Şuf "X" sosial şəbəkəsində belə yazıb: "Deeskalasiya yolunun başlamasına və idxal rüsumlarının gündəmdən çıxarılmasına şadam".
İtaliyanın baş naziri Corcia Meloni də xəbəri müsbət qarşılayıb. "Müttəfiq ölkələr arasında dialoqun inkişafını davam etdirmək vacibdir", - deyə o vurğulayıb.
Öz növbəsində, İrlandiyanın Baş naziri Maykl Martin D.Trampın açıqlamasını "xoş xəbər" adlandırdı və qeyd edib ki, indi bütün maraqlı tərəflər gərginliyi azaltmalı və iqtisadiyyata diqqət yetirməlidirlər.
Finlandiya Prezidenti Aleksandr Stubb da öz növbəsində "CNN"ə bildirib ki, tərəflər gərginliyi azaltmağa nail olublar, lakin "bu hələ son deyil". O bildirib ki, ABŞ-nin Qrenlandiyanı əldə etmək planları ilə bağlı Avropa üç ssenari ilə üzləşə bilərdi.
"Yaxşı bir seçim çıxış yolu tapmaq və NATO-nun köməyi ilə Arktikada təhlükəsizliyin yaxşılaşdırılması prosesini başlatmaq olardı. Pis bir seçim rüsumlar müharibəsini davam etdirmək, ən pis seçim isə hərbi müdaxilə olardı", - deyə o qeyd edib.







