BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ankarada baş verən təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad, onu müşayiət edən dörd nəfər və üç nəfərdən ibarət uçuş heyətinin cəsədləri Ankara Məhkəmə-Tibbi Ekspertiza Qrupuna gətirilib.
TurkicWorld-un məlumatına görə, Liviya və Türkiyə rəsmilərinin iştirakı ilə aparılan ilkin baxışdan sonra cəsədlər məhkəmə-tibbi ekspertiza müayinəsi və yarılma prosedurlarının aparılması üçün aidiyyəti quruma təhvil verilib.
Məlumata əsasən, şəxsiyyətlərin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəza nəticəsində həlak olan şəxslərin yaxın qohumlarından DNT nümunələrinin götürülməsi nəzərdə tutulur. Məhkəmə-tibbi prosedurlar başa çatdıqdan sonra cəsədlərin yaxınlarına təhvil veriləcəyi bildirilib.
Qeyd olunub ki, həlak olan şəxslərin cəsədləri sabah Mürted Hərbi Hava Bazasında keçiriləcək rəsmi vida mərasimindən sonra mənsub olduqları ölkəyə göndəriləcək.
Ankarada baş verən təyyarə qəzası ilə bağlı bir sıra ərəb ölkələri tərəfindən başsağlığı mesajları yayımlanıb. İordaniya, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Fələstin Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Həddad və onunla birlikdə həlak olan nümayəndə heyəti üçün baş sağlığı verib.
İordaniya Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında qəza nəticəsində həyatını itirən şəxslərlə bağlı Liviya hökumətinə və xalqına başsağlığı ifadə olunub, bu ağır hadisə ilə əlaqədar Liviya ilə həmrəylik nümayiş etdirildiyi vurğulanıb.
Suriya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada da Liviya hökuməti və xalqına başsağlığı verilib, həlak olan hərbi nümayəndə heyətinin ailələrinə səbir dilənib. Açıqlamada iki ölkə arasında mövcud olan əlaqələrə diqqət çəkilib.
Suriya Müdafiə Nazirliyi də baş verən hadisə ilə bağlı Liviya Müdafiə Nazirliyinə rəsmi başsağlığı ünvanlayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Liviya hökuməti və xalqı ilə həmrəylik ifadə edib.
Fələstin Xarici İşlər Nazirliyi də təyyarə qəzasında həlak olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və onu müşayiət edən heyət üçün Liviya tərəfinə başsağlığı verib, mərhumların ailələrinə səbir diləyib.






