BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Liviya hərbi heyətini daşıyarkən Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin istintaqı ilə bağlı mühüm faktları açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazir qeyd edib ki, təyyarənin səs yazan cihazındakı (CVR) bütün məlumatlar uğurla oxunub və pilotların qəzadan əvvəlki son danışıqları tam şifrələnib. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarə hələ qəza çağırışı etməzdən əvvəl qüllə ilə mütəmadi əlaqədə olub və elektrik sistemində ciddi nasazlıqlar yaşandığını bildirib.
Nazir Uraloğlunun verdiyi məlumata görə, pilotlar bir müddət sonra havalimanına qayıtmaq tələbini çatdırıblar və bu zaman aviasiyada ən yüksək təcili çağırışlardan biri hesab olunan "PAN-PAN" siqnalını veriblər. Bu çağırışdan sonra dispetçer qülləsi təyyarəni yönləndirməyə başlasa da, sistemlərin tamamilə sıradan çıxması nəticəsində pilotlar idarəetməni əl ilə (manuel) həyata keçirməyə məcbur olublar. Uçuş və enişlərin dayandırıldığı Esenboğa Havalimanına çatmağa çalışan təyyarə, yetərli hündürlüyə enib eniş zolağına yaxınlaşarkən Haymana rayonu ərazisində qəzaya uğrayıb.
Səs yazılarının təhlili zamanı müəyyən edilib ki, 23 dekabr 2025-ci il tarixində saat 20:17-də havaya qalxan üçmühərrikli təyyarənin cəmi ikinci dəqiqəsində pilotlar ikinci generatorun, təxminən 14 saniyə sonra isə üçüncü generatorun söndüyünü qeyd ediblər. Pilotlar danışıqlarında bütün generatorların sıradan çıxdığını, lakin bir müddət sonra sistemin qısa müddətlik bərpa olunduğunu bildiriblər. Təyyarə havaya qalxdıqdan sonra cəmi 37 dəqiqə havada qala bilib və uçuşun 27-ci dəqiqəsindən etibarən rabitə kəsilib.
Cihazların ağır zədələnməsi səbəbindən araşdırmalar istehsalçı ölkə olan Fransanın razılığı ilə İngiltərədə peşəkar mütəxəssislər tərəfindən aparılıb. Nazir bildirib ki, səs yazan cihazdakı məlumatlar qəzanın səbəbi barədə kifayət qədər aydın təsəvvür yaradır. Hazırda Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir. İlkin rəylər göstərir ki, əgər təyyarə ilk generator nasazlığından dərhal sonra, havalimanından çox uzaqlaşmadan geri dönmək qərarı versəydi, bu faciənin qarşısını almaq mümkün ola bilərdi.






