BAKI, TurkicWorld
Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.
TurkicWorld xəbər verir ki, bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”,- məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 14-də ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini dayandırmaq qərarı verib.
Qeyd olunur ki, sözügedən siyahıya Cənubi Qafqazın bütün respublikaları – Azərbaycan, Ermənistan və Gürcüstan da daxil edilib. İmmiqrant vizalarının verilməsinin dayandırılması 21 yanvardan etibarən qüvvəyə minəcək və Dövlət Departamenti immiqrant viza prosesinə yenidən baxana qədər qeyri-müəyyən müddətə davam edəcək. Dövlət Departamentinin memorandumunda konsulluq əməkdaşlarına mövcud qanunvericiliyə uyğun olaraq viza verilməsindən imtina etmələri tapşırılır. Eyni zamanda, nazirliyin öz seçim və qiymətləndirmə prosedurlarını yenidən nəzərdən keçirdiyi vurğulanır.
Bundan əlavə, təlimata əsasən konsulluq əməkdaşları sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə imkanları, eləcə də uzunmüddətli tibbi yardıma potensial ehtiyac kimi geniş amilləri nəzərə alaraq dövlət müavinətlərindən asılı hesab edilən müraciət edənlərə viza verməkdən imtina etməlidirlər.
Dayandırılmanın şamil edildiyi ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Myanma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominika, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.





