BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranda İsrailin xarici kəşfiyyat xidməti – “Mossad” ilə əməkdaşlıqda ittiham olunan şəxs barəsində çıxarılmış ölüm hökmü icra edilib.
TurkicWorld xəbər verir ki, bu barədə İranın rəsmi media qurumları məlumat yayıb.
Məlumata görə, Əkil Keşavərz adlı İran vətəndaşı “İsrailin xeyrinə casusluq etmək, Təl-Əvivlə kəşfiyyat sahəsində əməkdaşlıq aparmaq, həmçinin İranın məxvi hərbi və təhlükəsizlik obyektlərini müşahidə və çəkilişə almaq” ittihamları ilə təqsirli bilinib.
İran mənbələrinin iddiasına əsasən, Keşavərz Mossad və İsrail ordusu ilə müxtəlif gizli rabitə kanalları vasitəsilə əlaqə saxlayıb. Məhkəmənin hökmünə əsasən, toplanmış sübutlar onun xarici kəşfiyyat strukturları ilə sistemli əməkdaşlıq etdiyini təsdiqləyib.
Rəsmi açıqlamada iş üzrə istintaq və məhkəmə prosesinin hansı müddətdə aparıldığı ilə bağlı əlavə detallar təqdim olunmayıb.