BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatın Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatında qeyd olunub ki, ölkə ərazisinə və hava məkanına yönələn hər növ təhdidə qarşı zəruri tədbirlər qətiyyətlə və tərəddüdsüz həyata keçirilir. Hadisənin bütün detallarının aydınlaşdırılması məqsədilə müvafiq ölkə ilə rəsmi diplomatik və hərbi danışıqların aparıldığı bildirilib.
Milli təhlükəsizlik prioritetləri çərçivəsində regiondakı bütün hərbi və siyasi inkişafların yaxından izlənildiyi vurğulanıb. Raketin havada məhv edilməsindən sonra sosial şəbəkələrdə yayılan manipulyativ və dezinformasiya xarakterli paylaşımlarla bağlı hüquqi müstəvidə addımlar atılıb. Müvafiq Baş Prokurorluqlar tərəfindən ictimai asayişi pozmağa, cəmiyyətdə təşviş və qorxu yaratmağa xidmət edən bu cür kontentlərə qarşı rəsmi istintaq başladılıb.
Məsələ ilə bağlı açıqlama verən rəsmi dairələr dezinformasiya yayan şəxslərə qarşı məhkəmə proseslərinin dərhal başladığını diqqətə çatdırıblar. Türkiyənin hava hücumundan müdafiə qalxanının və NATO-nun regional təhlükəsizlik şəbəkəsinin koordinasiyalı fəaliyyəti sayəsində təhlükənin vaxtında dəf edildiyi və milli təhlükəsizliyin tam təmin olunduğu qeyd edilib. Hazırda hadisə zonasında vəziyyətin sabit olduğu və hərbi bölmələrin yüksək hazırlıq vəziyyətində fəaliyyətini davam etdirdiyi bəyan olunub.







