BAKI, TurkicWorld, Nərmin Ağayeva
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada rəsmi olaraq aclıq elan edildiyini bəyan edərək bunu "bütün dünya üçün rüsvayçılıq" adlandırıb.
Quterreş çıxışında bölgədə dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın təhlükəsiz şəkildə Qəzzaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İsrailin Qəzza xalqına ərzaq və tibbi ləvazimat tədarükünə icazə verməsi həyati əhəmiyyət kəsb edir.
BMT-nin son hesabatına əsasən, Qəzzada 12 mindən çox uşaq qida çatışmazlığından əziyyət çəkir. Ərzaq böhranı nəticəsində ölənlərin sayı 200 nəfəri ötüb, təxminən 1500 hamilə və süd verən qadının isə əlavə qida təminatına ciddi ehtiyacı olduğu bildirilib.
Qurumun məlumatına görə, Qəzzada mövcud aclıq vəziyyəti İsrailin sistematik maneələri səbəbindən daha da ağırlaşıb. BMT vurğulayıb ki, bu maneələr aradan qaldırılsa, böhranın qarşısını almaq mümkündür. Təşkilat beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa və humanitar yardım əməliyyatlarının fasiləsiz həyata keçirilməsinə dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, BMT-nin Qida Təhlükəsizliyi üzrə təsnifat sistemində “tam aclıq” ən yüksək fövqəladə vəziyyət kateqoriyası hesab olunur. Bu mərhələdə geniş miqyaslı qida çatışmazlığı, kütləvi aclıq və ölüm halları baş verir.







