BAKI, TurkicWorld
NATO müdafiə nazirləri iyunun 24–25-də Haaqada keçiriləcək liderlər sammiti ərəfəsində Brüsseldə toplanaraq alyansın son onilliklərin ən əhatəli silahlanma proqramını təsdiqləyib.
TurkicWorld xəbər verir ki, toplantının əsas gündəmini müdafiə qabiliyyətinin gücləndirilməsi və üzv ölkələrin müdafiə xərclərinin artırılması təşkil edib.
Nazirlərin görüşündə Türkiyəni Milli Müdafiə Naziri Yaşar Güler təmsil edib. NATO-nun yeni proqramı çərçivəsində uzaqmənzilli raket sistemləri, hava hücumundan müdafiə texnologiyaları və mobil quru qoşunlarına prioritet veriləcək.
Təhlükəsizlik mühitindəki dəyişikliklər NATO-nu müdafiə planlarını yenidən nəzərdən keçirməyə vadar edib. Yenilənmiş planların reallaşdırılması üçün ciddi silahlanma və resurs səfərbərliyi tələb olunur. Rəsmi təfərrüatlar açıqlanmasa da, bəzi mənbələr 30 faizlik artımdan bəhs edir. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi alyansın yeni hədəflərinə çatmaq üçün əlavə 60 min əsgər səfərbər etməlidir.
ABŞ prezidenti Donald Trampın NATO üzvlərindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5 faizinə çatdırmaq tələbi danışıqlarda əsas mübahisə mövzularından biri olub. Hazırda bəzi ölkələr mövcud 2 faiz hədəfinə belə çatmayıb. Lakin ABŞ bu məsələdə israr edir. ABŞ-ın müdafiə naziri Pit Hegseth “NATO-nun hər bir üzvü müdafiə məsuliyyətini bölüşməlidir və 5 faizlik öhdəlikdən yayınmamalıdır.”- deyə bildirib.
Müzakirələrdə NATO-nun baş katibi Mark Ruttenin kompromis təklifi də diqqət mərkəzində olub. Onun modelinə əsasən, birbaşa müdafiə xərcləri 3,5 faiz, infrastruktur və digər ümumi xərclər isə 1,5 faiz olmaqla ümumilikdə 5 faizlik hədəfə çatmaq planlaşdırılır. Bu sistemin tətbiqi üçün son tarix olaraq 2032-ci il nəzərdə tutulur. Hazırda məzənnə və texniki detallarla bağlı yekun razılaşma əldə olunmayıb.







