Son dəqiqə

BMT İsrail ABŞ HƏMAS Məhbus mübadiləsi Atəşkəs razılaşması Stiven Uitkoff Fələstin-İsrail iki dövlətli həll

ABŞ-dan yeni sülh planı - Qəzzada 60 günlük atəşkəs təklifi

BAKI, TurkicWorld

ABŞ İsrail və HƏMAS arasında Qəzzada 60 günlük müvəqqəti atəşkəsi əhatə edən yeni sülh planı təklif edib.

TurkicWorld xəbər verir ki, İsrail mediasının məlumatına görə , təklifə görə, Qəzzada diri saxlanılan 9 israilli məhbus azad ediləcək, habelə 18 israilli cəsədi geri qaytarılacaq.

Məhbusların bir həftə ərzində iki qrup şəklində sərbəst buraxılması planlaşdırılır. Lakin neçə fələstinli məhbusun azad ediləcəyi barədə məlumat açıqlanmayıb.

Təklifin əsas məqsədi 60 günlük atəşkəs dövründə tərəflər arasında danışıqlar aparmaq və bu müddətdə daimi sülh üçün zəmin yaratmaqdır. Eyni zamanda, razılaşma əldə olunmasa, İsrailin hərbi əməliyyatları davam etdirmək və ya əlavə məhbus azadlığı müqabilində atəşkəsi uzatmaq variantlarının da masada olduğu qeyd edilib.

ABŞ-ın planına görə, humanitar yardımların bölgəyə çatdırılması yenidən BMT-nin nəzarətinə veriləcək, İsrail ordusu isə son əməliyyatlarla işğal etdiyi ərazilərdən geri çəkiləcək.

Digər tərəfdən, HƏMAS-ın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə ümumi çərçivə razılaşmasına gəldiyi bildirilib. Bu çərçivəyə “daimi atəşkəs və İsrail ordusunun Qəzzadan tam çıxarılması” daxildir. Razılaşma çərçivəsində 10 israilli məhbusun və çoxlu sayda cəsədin geri verilməsi müqabilində, razılaşdırılmış sayda fələstinli məhbus vasitəçilərin zəmanəti ilə azad olunacaq.

Stiv Vitkoff yaxın günlərdə yeni bir müqavilə layihəsi təqdim edəcəklərini bildirərək, "Bu münaqişənin sülh yolu ilə həllinə dair nikbin düşünürük" - deyə açıqlama verib.

Qeyd edək ki, son aylarda İsrail və HƏMAS arasında intensivləşən döyüşlər minlərlə insanın həyatına son qoyub və bölgədə ciddi humanitar böhran yaradıb. ABŞ-ın təşəbbüsü tərəfləri masaya əyləşdirməyə yönəlib və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir.

Mövzuya görə xəbərlər