BAKI, TurkicWorld
İsrailin baş naziri Netanyahu ABŞ-la fikir ayrılıqlarının dərinləşdiyini açıqlayıb və təhlükəsizlik yardımlarından imtina edə biləcəklərini bildirib.
TurkicWorld xəbər verir ki, ABŞ və İsrail arasında Yəmən, İran və Qəzza məsələlərində fikir ayrılıqları yaşanır. İsrailin baş naziri Benyamin Netanyahu İsrail parlamentindəki qapalı iclasda ABŞ-dan alınan təxminən 4 milyard dollarlıq təhlükəsizlik yardımına ehtiyac duymaya biləcəklərini deyib.
ABŞ-ın Yaxın Şərq siyasətində İsraili ikinci plana keçirməsi və Tramp administrasiyasının Yəməndə atəşkəsə razılaşması tərəflər arasındakı gərginliyi artırıb.
Trampın nümayəndəsi Stiv Vitkoff isə Netanyahunun Qəzza ilə bağlı siyasətini tənqid edərək İsrailin müharibəni məqsədyönlü şəkildə uzatdığını bildirib.
Qeyd edək ki, Netanyahu ABŞ-dan təhlükəsizlik yardımı almağın dayandırıla biləcəyini ilk dəfə açıq şəkildə dilə gətirib və bu, iki ölkə arasında münasibətlərdə ciddi dönüş nöqtəsi kimi dəyərləndirilir.