BAKI, TurkicWorld
“Özəl sektorda orta sinif insanlar süni intellekt tərəfindən məhv ediləcək”.
TurkicWorld xəbər verir ki, süni intellektin etikası sahəsində tanınmış britaniyalı filosof və texnologiya etikaçısı Dr. Blay Whitby gələcəkdə bir çox orta ixtisaslı işlərin süni intellekt tərəfindən əvəz olunacağını və bunun əmək bazarında dərin dəyişikliklərə səbəb olacağını bildirib.
Sussex Universitetinin professoru Whitby süni intellektin xüsusilə hüquq, təhsil, maliyyə və hətta yaradıcı sənətlər sahələrində böyük təsir gücünə malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, artıq mühasiblər, müəllimlər və hüquqşünaslar belə risk altındadır, çünki süni intellektin bu sahələrdə daha funksional və qənaətcil alternativlər təqdim etməsi qaçılmaz görünür. O həmçinin qeyd edib ki, orta iyerarxiyalar yox olduqca işçi sinfinin həm hüquqları, həm də iqtisadi gücü zəifləyəcək.
Qeyd edək ki, Dr. Whitby 1980-ci illərdən bəri süni intellektin etik aspektləri ilə bağlı araşdırmalar aparır və AI-nin insan amilini qərarvermə proseslərindən uzaqlaşdırmasının ciddi sosial və siyasi nəticələr doğuracağına diqqət çəkir. Onun fikrincə, bu texnologiyanın sahibləri ilə digər cəmiyyət təbəqələri arasında sərvət və güc uçurumu daha da dərinləşəcək.







