BAKI, TurkicWorld
Avropa İttifaqı ABŞ-ın polad və alüminiuma rüsumlarına qarşı cavab tədbirlərini iyulun 14-dək təxirə salıb
TurkicWorld xəbər verir ki, Avropa İttifaqı ABŞ ilə ticarət gərginliyini azaltmaq və danışıqlara imkan yaratmaq məqsədilə, polad və alüminium məhsullarına görə planlaşdırdığı 21 milyard avroluq cavab rüsumlarını iyulun 14-dək dayandırıb.
Avropa Komissiyası bu qərarı dünən qəbul edib və iyulun 14-nə qədər ABŞ-dan idxal olunan motosikllər, lüks qayıqlar və portağal suyu kimi məhsullara planlaşdırılan 25 faizlik gömrük rüsumunun tətbiqini dayandırıb. Aİ Komissiyasının bəyanatında bildirilib ki, ABŞ-ın tətbiq etdiyi rüsumlar ədalətsizdir və qlobal iqtisadi sabitliyə mənfi təsir göstərir.
Aİ Komissiyasının sədri Ursula fon der Leyen ötən həftə məsələ ilə bağlı diplomatik gedişə üstünlük veriləcəyini bildirmişdi. Hazırda Aİ-nin ticarət üzrə komissarı Maros Şefçoviç Vaşinqtonda müvafiq danışıqlar aparır. O, ABŞ Ticarət naziri Howard Lutnick ilə görüşdən sonra bildirib ki, Aİ “sıfırdan sıfıra” tarif modeli və sənaye məhsullarına maneəsiz ticarət prinsipi üzərində işləməyə hazırdır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 25 faizlik polad və alüminium rüsumları tətbiq etmiş, Avropa İttifaqı isə bu addıma qarşı cavab tədbirləri hazırlamışdı. Mövcud qərar isə tərəflər arasında mümkün razılaşma üçün vaxt qazanmaq məqsədi daşıyır.