BAKI, TurkicWorld
Antibiotiklərdə davamlı ölümcül ştamm aşkarlanıb
TurkicWorld xəbər verir ki, Malayziyada yüksək dərəcədə antibiotikə davamlı və ölümcül sayılan Acinetobacter baumannii bakteriyasının GC2 ştammı aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı bu patogeni “kritik prioritet təhlükə” kimi təsnif edir.
Sultan Zainal Abidin Universitetinin rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində 2011–2020-ci illər arasında toplanmış 126 nümunə araşdırılıb və bakteriyaların karbapenem qrupu da daxil olmaqla bir çox antibiotikə qarşı yüksək müqavimət göstərdiyi müəyyən olunub. Nümunələrin 97 faizində antibiotik müqavimətini yayan plazmid DNT-si aşkar edilib.
Qeyd edək ki, A. baumannii qan, ağciyər, sidik yolları və yara infeksiyalarına səbəb ola bilər və xüsusilə xəstəxanalarda yayılma riski yüksəkdir. Beynəlxalq tədqiqatçılar məlumat çatışmazlığı səbəbindən aşağı və orta gəlirli ölkələrdə bu infeksiyaya qarşı mübarizənin çətin olduğunu bildirirlər və qlobal əməkdaşlığa çağırış edirlər.